Corcia Meloni: İspaniyanın Seuta anklavından yayılan görüntülər dəhşət doğurur. İtaliya Avropanın sərhədlərini qorumaq üçün fövqəladə tədbirlər görməyə hazırdır. Bu tədbirlər sırasında İspaniya ilə Şengen zonasının fəaliyyətinin dayandırılması da var
FILE PHOTO: Italian Prime Minister Giorgia Meloni speaks during a news conference to present her government's first budget in Rome, Italy, November 22, 2022. REUTERS/Remo Casilli/File Photo
İtaliyanın Baş naziri Corcia Meloni İspaniyanın Şimali Afrikadakı Seuta anklavında baş verən hadisələrlə bağlı bildirib ki, nəzarətsiz qeyri-qanuni miqrasiya Avropa sərhədlərinin təhlükəsizliyi üçün real təhdid yaradır.
“Seutadan yayılan görüntülər dəhşət doğurur və bir daha göstərir ki, nəzarətsiz qeyri-qanuni miqrasiya Avropa sərhədlərinin təhlükəsizliyi üçün konkret təhlükə yaradır”, – deyə Meloni bildirib.
Baş nazirin sözlərinə görə, o, məsələ ilə bağlı İtaliyanın daxili işlər naziri Matteo Piantedozi ilə danışıb. Meloni qeyd edib ki, İtaliya fövqəladə tədbirlər görməyə, o cümlədən İspaniyadan gələn şəxslərə münasibətdə sərhəd nəzarətini bərpa etməyə hazırdır.
“İtaliya kənarda dayanaraq hadisələri sadəcə izləməyəcək. Biz aidiyyəti qurumların iştirakı ilə toplantı keçirəcəyik və həmin müzakirələrdən sonra sərhədlərimizin və vətəndaşlarımızın təhlükəsizliyini qorumaq üçün fövqəladə tədbirlər görməyə hazır olacağıq. Bu tədbirlər sırasında İspaniya ilə Şengen rejiminin müvəqqəti dayandırılması da var. Qeyri-qanuni miqrasiya ilə mübarizədə bir addım belə geri çəkilməyəcəyik. Sərhədlərin qorunması, insan alverçilərinin fəaliyyətinin qarşısının alınması və effektiv repatriasiyanın təmin edilməsi bu hökumətin əsas xətti olacaq”, – deyə İtaliyanın Baş naziri vurğulayıb.
Qeyd edək ki, Mərakeşdən İspaniyanın Şimali Afrikadakı Seuta anklavına bir neçə saat ərzində minlərlə miqrant daxil olub. Yerli hakimiyyət Madridi fövqəladə vəziyyət elan etməyə və bölgəyə əlavə təhlükəsizlik qüvvələri göndərməyə çağırır.