Corcia Meloni – ABŞ və Rusiya arasında dizellə bağlı razılaşma çox riskli seçimdir, bu, Moskvaya legitimlik qazandırır, dolayısı ilə sanksiyaların effektivliyini zəiflədir

13:53, 14.10.2026

 

İtaliyanın Baş naziri Corcia Meloni ABŞ və Rusiya arasında dizel tədarükü ilə bağlı əldə olunmuş razılaşmanın “çox riskli seçim” olduğunu bildirir.

O, razılaşmanın Vladimer Putinin danışıqlar masası arxasına əyləşdirilməsi cəhdlərinə zidd olduğunu deyir.

“Bu qərarın nəticəsi qeyri-müəyyəndir, risklər isə aşkardır. Bu, Moskvaya legitimlik qazandırır, çünki onun bombaları Ukraynanın şəhərlərinə yağır, müharibənin maliyyələşdirilməsi üçün yeni gəlir yaradır və dolayısı ilə sanksiyaların effektivliyini zəiflədir” – Meloni İtaliya Parlamentində açıqlayıb.

Bununla yanaşı, İtaliyanın Baş naziri Avropa İttifaqının 27 ölkəsinin Avropa adından Rusiya-Ukrayna müharibəsi üzrə danışıqlar aparmaq üçün ” nüfuzlu şəxs” təyin etməli olduğunu bəyan edib.

Eyni zamanda, o, E3 qrupuna (Almaniya, Fransa və Böyük Britaniya) rəsmi mandatın verilməsini istisna etməyib.

“Əgər Fransa, Almaniya və Böyük Britaniya hesab edirlərsə ki, işləri müstəqil şəkildə hamımızdan daha yaxşı görə bilərlər və hələlik onların seçimi budur, onda istənilən halda, imkan verək ki, bunu hamının adından və rəsmi mandatla etsinlər” – Meloni açıqlayıb.

Xatırladaq ki, oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimer Putinlə uğurlu danışıqlardan sonra Rusiyanın ABŞ və qlobal bazara 1.8 milyon ton dizel yanacağı tədarük edəcəyini bəyan etmişdi.

Oxşar