"Condor Airlines" alman aviaşirkəti Gürcüstanın aviasiya bazarına qayıdır, uçuşlar 2026-cı ilin iyunun 15-dən Frankfurt-Tbilisi-Frankfurt istiqamətində yerinə yetiriləcək
“Condor Airlines” alman aviaşirkəti Gürcüstanın aviasiya bazarına qayıdır – bu haqda məlumatı Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayır.
Nazirliyin məlumatına əsasən, aviaşirkət 2026-cı ilin iyunun 15-dən Frankfurt-Tbilisi-Frankfurt istiqamətində birbaşa müntəzəm uçuşları gündəlik yerinə yetirəcək.
“Aviaşirkət 2022-2023-cü illərdə Gürcüstanın aviasiya bazarında fəaliyyət göstərirdi və Frankfurt-Tbilisi istiqamətində həftədə iki dəfə uçuşlar yerinə yetirirdi. İki illik fasilədən sonra “Condor Airlines”ın Gürcüstana qayıtması transatlantik tranzit uçuşları baxımından xüsusilə vacibdir.
Turizm və aviasiya sektorlarının inkişafı İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin fəaliyyətinin əsas prioritetlərindən biridir, Almaniya isə bu baxımdan mühüm hədəf bazarıdır. Müvafiq olaraq, Frankfurt, iri aviasiya mərkəzi olaraq, Gürcüstanda turist axınlarının, eləcə də aviasiya əlaqələndiriciliyinin artmasına əhəmiyyətli dərəcədə kömək edəcək.
“Condor Airlines” aviaşirkəti 1955-ci ildə təsis edilib, onun əsas bazası Frankfurt Hava Limanında yerləşir. Aviaşirkət hazırda Avropa, eləcə də Afrika, Şimali və Cənubi Amerikaya 81 istiqamətdə uçuşlar yerinə yetirir, həmçinin Karib və Aralıq dənizi ölkələrində fəaliyyət göstərir. Biletləri aviaşirkətin veb saytında almaq artıq mümkündür” – İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunub.