Con Bolton - Avropa İttifaqının utancaqlığı və ABŞ-nin diplomatiyası Rusiyanın müharibədə şanslarını yaxşılaşdırıb
Avropa İttifaqının utancaqlığı və ABŞ-nin diplomatiyası Rusiyanın müharibədə şanslarını yaxşılaşdırıb. Bu haqda milli təhlükəsizlik məsələləri üzrə ABŞ Prezidenti Donald Trampın sabiq müşaviri Con Bolton “Washington Post” qəzetində yazdığı məqalədə danışıb.
ABŞ Prezidentinin sabiq müşaviri hesab edir ki, Qərbin son vaxtlardakı uğursuzluğu və səhvləri Rusiyanın Ukraynaya qarşı müharibədə qələbə şanslarını artırıb.
Həmçinin, Bolton qeyd edir ki, Rusiyanın təcavüzü səbəbindən təkcə Ukraynanın azadlığı və müstəqilliyi təhlükə altında deyil.
“Soyuq Müharibə dövründə Şimali Atlantika Müqaviləsi Təşkilatının dağılması Sovet İttifaqının əsas məqsədlərindən biri idi və xoşbəxtlikdən buna heç vaxt nail olunmadı. Lakin, indi görünür, bir çox amerikalı və avropalı Rusiyanın yerinə bu işi görməkdə qərarlıdır” – Bolton yazır.
Həmçinin, Bolton Avropa İttifaqının dondurulmuş rus aktivlərini Ukraynaya verməməsindən təəssüfləndiyini bildirib.
“Bu, Vladimer Putinin bir neçə gün əvvəl “donuzlar” adlandırdığı siyasətçilərin açıq və sadə məğlubiyyəti idi. Avropa İttifaqının mesajı zəif idi: Avropa Ukraynanı dəstəkləyəcək, lakin geniş miqyasda yox. Putinin vaxtın onun tərəfində olduğunu düşünməsi təəccüblü deyil” -milli təhlükəsizlik məsələləri üzrə ABŞ Prezidenti Donald Trampın sabiq müşaviri məqalədə yazır.
Həmçinin, Con Bolton qeyd edir ki, Tramp administrasiyasının diplomatik cəhdi daha pis görünürdü. Boltonun qiymətləndirməsinə görə, Tramp dəfələrlə, dəlillər olmadan, Putinin Ukraynada sülhə cəhd etdiyini bildirib, bunun əvəzinə ABŞ kəşfiyyat rəsmiləri bu məsələ ilə bağlı tamamilə fərqli fikirdədirlər.