Co Bayden “Helen” qasırğası nəticəsində zərər görmüş Karolinaya gedib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden “Helen” qasırğası nəticəsində zərər görmüş Cənubi və Şimali Karolinaya səfər edib.
Bayden Cənubi Karolinaya gedərkən helikopterlə əraziyə baxış keçirib. Eşvildə evlər xarabalığa çevrilib, sakinlərin isə hələ də xarici dünya ilə əlaqəsi kəsilib.
“Qasırğanın nəticələrinin öhdəsindən gəlmək və zərər çəkmiş insanları təmin etmək milyardlarla dollara başa gələcək” – Bayden Vaşinqtonu tərk etməzdən əvvəl bildirib.
Amerikanın Prezidenti qasırğadan zərər çəkmiş ştata min əsgər göndərilməsini əmr edib.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin bildirdiyi kimi, Bayden oktyabrın 3-də Corciya və Florida ştatlarına səfər edəcək.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının cənub-şərq hissəsində qasırğa nəticəsində həlak olanların sayı 160-a yüksəlib. Rəsmi şəxslər, təbii fəlakətin Şimali və Cənubi Karolina, Corciya, Florida, Tennessi və Virciniya ştatlarında insanların həyatını itirməsi ilə nəticələndiyi haqda məlumat verirlər.