“CNN” – Səudiyyə Ərəbistanına uranı zənginləşdirmək hüququ verəcək nüvə sazişi Tramp administrasiyasının imzasını gözləyir
ABŞ Prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanına nüvə silahının yaradılmasının qarşısını almağa yönəlmiş beynəlxalq təhlükəsizlik mexanizmləri tətbiq edilmədən uranı zənginləşdirməyə icazə verməyə əvvəlcədən razılıq verib. Bu barədə “CNN” əldə etdiyi sənədlərə və prosesə yaxın mənbələrə istinadən məlumat yayıb.
Medianın məlumatına görə, ABŞ tərəfindən Səudiyyə Ərəbistanının mülki nüvə proqramına dəstəyi nəzərdə tutan nüvə sazişinin layihəsi Donald Trampın imzasını gözləyir. Baxmayaraq ki, ABŞ və Səudiyyə Ərəbistanı arasında danışıqlar 2025-ci ilin oktyabrında başa çatıb.
İki mənbənin bildirdiyinə görə, Trampın sazişi imzalamaq qərarını təxirə salmasında İranla davam edən müharibə də müəyyən rol oynayıb. Trampın sözlərinə görə, bu müharibə qismən Tehranın zənginləşdirilmiş uran ehtiyatlarından nüvə silahı yaratmaq üçün istifadə etməsinin qarşısını almaq məqsədi daşıyırdı.
Mənbələrdən birinin sözlərinə görə, administrasiya sazişin təsdiqini gecikdirir, çünki sənəd Konqresdə hər iki partiyanın nümayəndələri tərəfindən etirazla qarşılaşa və qüvvəyə minməsi əngəllənə bilər.
Ekspertlərin qiymətləndirməsinə görə, sazişə ciddi təhlükəsizlik mexanizmləri əlavə edilməsə, gələcəkdə Səudiyyə Ərəbistanına nüvə silahı yaratmaq imkanı verə bilər. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman daha əvvəl bildirib ki, İran nüvə silahı əldə edərsə, onun ölkəsi də eyni yolu seçəcək.
“CNN” dörd mənbəyə istinadən yazır ki, mülki nüvə əməkdaşlığı üzrə “123-cü razılaşma”nı və məcburi nüvə təhlükəsizliyi sazişini əhatə edən sənəd hələ də baxılması üçün Konqresə göndərilməyib. Halbuki ABŞ federal qanunvericiliyinə əsasən, Ağ Ev bunu imzadan sonra etməlidir.
Ağ Ev sazişlə bağlı suallara cavab verməyib. Vaşinqtondakı Səudiyyə Ərəbistanı səfirliyi də məsələ ilə bağlı açıqlama verməyib.