"CNN" - "Şatdaun"un 42-ci günündə ABŞ-da 1200-dən çox uçuş ləğv edilib, 3000-dən çoxu isə təxirə salınıb
Amerika Birləşmiş Ştatlarında “şatdaun”un 42-ci günündə 1200-dən çox uçuş ləğv edilib, 3000-dən çoxu isə təxirə salınıb – bu haqda “CNN” yazır.
Xüsusilə, “Southwest Airlines” aviaşirkəti çərşənbə gününə planlaşdırılan təxminən 150 reysi, “United Airlines” isə təxminən 270 reysi ləğv edib.
Medianın xəbər verdiyi kimi, federal hökumətin bağlanmasına son qoyulması haqda razılaşma rəsmi olaraq imzalanana qədər aviaşirkətlər FAA-nın bu həftə uçuşların tədricən azaldılması haqda təcili əmrinə əməl etməyə davam etməlidirlər. Əmrə əsasən, cümə axşamı üçün reyslərin səkkiz faizi azaldılacaq. Cümə günü reyslərin on faizə qədər azaldılması gözlənilir.
Xatırladaq ki, ABŞ-da hökumətin “şatdaun”u 42 gündür davam edir, lakin ABŞ Senatı tarixdəki ən uzunmüddətli “şatdaun”dan sonra hökumətin yenidən açılması istiqamətində ilk addım olan qanunu qəbul edib.