“CNN” – İranda ölkə miqyasında hökumət əleyhinə etiraz aksiyalarında iştirakda təqsirləndirilən iki kişi ictimai şəkildə ölümlə cəzalandırılıb

16:55, 28.07.2026

 

İranda ölkə miqyasında hökumət əleyhinə etiraz aksiyalarında iştirakda təqsirləndirilən iki kişi ictimai şəkildə ölümlə cəzalandırılıb. Bu barədə məlumatı “CNN” ABŞ-da təsis edilmiş “İnsan Hüquqlarının Müdafiəçiləri Fəallarının Xəbər Agentliyi”nə (HRANA) istinadən yayır.

Təşkilatın məlumatında, Abolfazl Sepahi Badcan və Amirhosein Sapari Hoseynabadinin Tehranda, Əli Xan meydanında ölümlə cəzalandırıldıqları deyilir.

Hər iki şəxs bu ilin əvvəlində İsfahanda keçirilən etiraz aksiyalarından sonra saxlanılıb. Onlar eyni iş üzrə ölüm cəzasına məhkum edilmiş 14 nəfərin arasında idilər.

İran hakimiyyəti onları təhlükəsizlik qüvvələrinə qarşı “ölümcül zorakılıq” tətbiq etməkdə, odlu və soyuq silahdan, həmçinin yandırıcı vasitələrdən istifadə etməkdə, dövlət əmlakına ziyan vurmaqda və həlak olanların cəsədlərini yandırmaqda ittiham edirdi. “CNN”in yazdığı kimi, ABŞ-da təsis edilmiş “İnsan Hüquqlarının Müdafiəçiləri Fəallarının Xəbər Agentliyi”ndə qeyd edirlər ki, bu ittihamları müstəqil şəkildə yoxlaya bilməyiblər.

Təşkilatın məlumatına əsasən, vəkillərin iş materiallarına çıxışı məhdud olub, məhkumların ailələrinə isə məhkəmə qərarının tam təfərrüatları verilməyib.

Təşkilat həmçinin bəyan edir ki, bu iş beynəlxalq hüquq-mühafizə qruplarının illərdir İran hakimiyyətini milli təhlükəsizlik işlərində məcburi etiraf ifadələrindən, işgəncə və pis rəftardan istifadə etməkdə ittiham etdiyi fonda nəzərdən keçirilməlidir. İran hakimiyyəti bu ittihamları rədd edir.

Oxşar