“CNN” – Böyük Britaniyanın baş naziri regional gərginlik fonunda Fars körfəzi ölkələrinin liderləri ilə telefon danışıqları aparır
Böyük Britaniyanın yeni baş naziri Endi Bernem son 24 saatı Fars körfəzi ölkələrinin liderləri ilə danışıqlarda keçirib — bu barədə məlumatı “CNN” “Dauninq Strit”ə istinadən yayır.
Medianın məlumatına əsasən, o, regional tərəfdaşlarla telefon zənglərinin ilk raundunu müdafiə və ticarət əlaqələrini möhkəmləndirmək, eləcə də Yaxın Şərqdə münaqişələrin deeskalasiyasına yönəlmiş diplomatik səyləri müzakirə etmək üçün istifadə edib.
İyulun 20-dən vəzifəni tutan baş nazir Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveyt liderləri ilə danışıb. Yayılmış məlumata əsasən, ayrı-ayrı telefon zəngləri zamanı Endi Bernem İran tərəfindən Səudiyyə Ərəbistanı və Küveytə edilən son hücumları pisləyib, ölkədə yaşayan Britaniya vətəndaşlarının təhlükəsizliyinin qorunmasında göstərdiyi köməyə görə Birləşmiş Ərəb Əmirliklərinə təşəkkür edib və Birləşmiş Ərəb Əmirliklərinin Birləşmiş Ştatlar ilə İran arasında danışıqları dəstəkləməyə yönəlmiş səylərini müsbət qiymətləndirib.
Təhlükəsizlik məsələləri ilə yanaşı, Bernem Körfəz ölkələrinin liderləri ilə regionla ticarəti və investisiyaları gücləndirmək istəyini bölüşüb, bu da bütün Böyük Britaniyada iqtisadi artıma və yeni iş yerlərinin yaradılmasına kömək edəcək. Bundan başqa, Böyük Britaniyanın yeni baş naziri Səudiyyə Ərəbistanı və Küveytlə daha sıx müdafiə tərəfdaşlığı məsələlərini də müzakirə edib.