“CNN” – ABŞ Nümayəndələr Palatası İranla müharibəyə görə Pit Heqsetin impiçment məsələsini səsə qoya bilər
ABŞ Nümayəndələr Palatası İranla müharibəyə görə müdafiə katibi Pit Heqsetin impiçment məsələsini səsə qoya bilər. Bu barədə məlumatı “CNN” mənbələrə istinadən yayır.
Trampa münasibətdə tənqidi mövqeyi ilə tanınan Kentukki ştatından olan respublikaçı nümayəndə Tomas Masi “CNN“ə açıqlayıb ki, Konqresin fəaliyyəti bərpa olunan kimi, gələn həftə Pentaqon rəhbərinin impiçmenti məsələsinə dair səsvermə təşəbbüsü qaldırmaq niyyətindədir. Respublikaçılar Partiyasının bir neçə mənbəsinin məlumatına əsasən, aşağı palatada bu təşəbbüs dəstək qazanacaq.
Nəşrin məlumatına əsasən, aralıq seçkilərində respublikaçıların məğlubiyyəti fonunda partiya üzvləri İranla müharibəyə görə məsuliyyəti Heqsetin üzərinə yıxmağa çalışırlar. “CNN”in yazdığı kimi, kulislərdə məhz onun Donald Trampı İrana heç bir strategiya və nəticələrin idarə olunması planı olmadan zərbə endirməyə sövq etdiyi danışılır.
Pentaqonun mətbuat katibi Şon Parnel bildirib ki, Heqset “geri çəkilməyəcək və partiya xalları qazanan və ya heç bir hüquq pozuntusunun olmadığı yerdə saxta təhqiqatlara başlayan siyasətçilərin onu qorxutmasına imkan verməyəcək“.
Müdafiə katibinin impiçment yolu ilə vəzifədən uzaqlaşdırılması üçün məsələ Senatda da səsvermədən keçməlidir və qərarın qəbul edilməsi üçün senatorların üçdə ikisinin dəstəyi tələb olunur.
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlayıb ki, Pit Heqseti dəyişməyi nəzərdən keçirmir.