“CNN” – ABŞ Hörmüz boğazından rekord sayda gəminin keçidini təmin edib, əməliyyat zamanı amerikalı hərbçilər gəmiəleyhinə raketləri zərərsizləşdirib və dron hücumlarının qarşısını alıblar
ABŞ hərbçiləri son 24 saat ərzində Hörmüz boğazından rekord sayda gəminin keçidini təmin edib. Bu barədə “CNN” məlumat yayıb.
Telekanalın məlumatına görə, söhbət son sutka ərzində ABŞ hərbçilərinin köməyi ilə Hörmüz boğazından keçən 40 gəmidən gedir.
“CNN”in məlumatına görə, əməliyyat zamanı ABŞ Silahlı Qüvvələri gəmiəleyhinə raketləri zərərsizləşdirib və dron hücumunun qarşısını alıb.
Donald Tramp isə bildirir ki, Hörmüz boğazından neft ixracı 24 saat ərzində bərpa olunaraq gündəlik 18 milyon barrelə çatıb.
ABŞ rəsmiləri “CNN”ə bildiriblər ki, əməliyyatın uğurlu keçməsinə baxmayaraq, Vaşinqtonda Fars körfəzindəki münaqişənin yaxın zamanda başa çatacağı ilə bağlı heç bir illüziya yoxdur. Enerji şirkətləri isə Hörmüz boğazından gəmilərin keçirilməsi ilə bağlı böyük risklərdən narahatdırlar.
Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından bildirilib ki, son bir neçə ay ərzində 1,5 minə yaxın ticarət gəmisinə Hörmüz boğazından keçməkdə yardım göstərilib. Bu gəmilər 750 milyon barrel neft daşıyıb.
Bununla yanaşı, ABŞ Silahlı Qüvvələri iddia edir ki, iyulun əvvəlindən, İran limanlarının blokadası bərpa edildikdən sonra Tehran İran sahillərindən neft ixracı həyata keçirməyib.