Ciorcia Meloni: Düşünürdüm ki, dünyagörüşümüzün oxşar olduğunu nəzərə alsaq, Donald Trampla hər şey daha asan olacaq, amma hadisələr tamamilə başqa cür inkişaf etdi

12:59, 22.08.2026

İtaliyanın Baş naziri Ciorcia Meloni “The New York Times” qəzetinə müsahibəsində ABŞ Prezidenti Donald Trampla gərgin münasibətlərindən danışıb.
“Açıq-aydındır ki, immiqrasiya və ‘oyanış mədəniyyəti’ ilə bağlı oxşar baxışlarımızı nəzərə alsaq, Donald Trampla hər şeyin daha asan olacağını düşünürdüm. Lakin hər şey fərqli cərəyan etdi”, – deyə Meloni müsahibəsində bildirib.
İtaliyanın Baş nazirinin sözlərinə görə, iki ölkənin liderləri artıq bir neçə həftədir bir-biri ilə danışmayıblar. Onun Trampla yay tətilindən sonra ünsiyyəti davam etdirib-etdirməyəcəyi ilə bağlı suala cavabı isə belə olub: “Görək”.
İtaliyanın Baş naziri ABŞ Prezidenti Donald Trampla yaxın əlaqələr qurmaq istiqamətində göstərdiyi səylərdən, bir sıra ictimai fikir ayrılıqlarına baxmayaraq, peşman olmadığını bildirib.
“Mən əvvəlki kimi hesab edirəm ki, Qərbin birliyi çox vacib məsələdir. Mən İtaliyanın strategiyasını şəxsi münasibətlərimdən çıxış edərək müəyyənləşdirmirəm”, – deyə Ciorcia Meloni bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən “Böyük yeddilik” sammitində Ciorcia Meloninin onunla şəkil çəkdirmək üçün “yalvardığını” bildirib. Meloni Trampın bu açıqlamasını təkzib edərək, bunun həqiqətə uyğun olmadığını qeyd edib.

Oxşar