Çində səfərdə olan Kaxa Kaladze Nankin şəhərinin meri ilə görüşüb
Çin Xalq Respublikasında səfərdə olan Tbilisi meri Kaxa Kaladze Nankin şəhərinin meri Li Çonq Cuni ilə görüşüb.
Kaxa Kaladze Çinin Gürcüstanın ərazi bütövlüyünə göstərdiyi möhkəm dəstəyə görə Nankin merinə təşəkkür edib.
Onun sözlərinə görə, Tbilisi metrosunun istifadəyə verilməsinin 60 illik yubileyində şəhər mühüm yeniliklərlə qarşılanır.
“Ölkələrimiz arasında tarixən mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndiririk. Bu gün artıq bizi strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Nümayəndə heyətinin üzvləri ilə birlikdə Nankində olmaqdan məmnunam. Bu şəhər qədim tarixə malik olmaqla yanaşı, müasirliyə də sürətlə uyğunlaşır.
Məhz Nankində Tbilisi metrosu üçün vaqonlar istehsal edən ən böyük Çin şirkətlərindən biri – CRRC yerləşir. Tbilisi üçün 111 yeni vaqonun alınması həqiqətən də tarixi hadisədir. Çünki Tbilisi metrosunun tarixində belə genişmiqyaslı yenilənmə olmayıb. Səmimi qarşılanmaya görə təşəkkür edirəm və ümid edirəm ki, sizi Tbilisidə qəbul edəcəyik”, – deyə Kaxa Kaladze bildirib.
Nankin şəhərinin meri isə Kaxa Kaladzeyə Çinə səfərinə və üz-üzə görüşə görə təşəkkür edib.
“Bizim üçün sizi Nankində qəbul etmək böyük şərəfdir. Bildiyimə görə, şəhərimizə ilk dəfə gəlirsiniz. Nankin böyük tarixə malik şəhərdir və inkişaf istiqamətində mühüm addımlar atır. Məhz Nankində Tbilisi üçün metro qatarlarının vaqonlarının istehsal olunduğu Çin Dəmir Yolu Hərəkət Tərkibi Korporasiyası yerləşir. Ümid edirəm ki, əməkdaşlığımız müxtəlif istiqamətlərdə davam edəcək”, – deyə Li Çonq Cuni qeyd edib.
Görüşdə Gürcüstanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Paata Kaladadze və Tbilisi Nəqliyyat Şirkətinin rəhbəri Giorgi Şarkov da iştirak edib.
Məlumatı Tbilisi meriyasının mətbuat xidməti yayıb.