Çin Xarici İşlər Nazirliyi bildirir ki, ABŞ-ın İran neftinin idxalına tətbiq etdiyi sanksiyalar beynəlxalq hüquqa əsaslanmır
Çin Xarici İşlər Nazirliyi bildirir ki, ABŞ-ın İran neftinin idxalına tətbiq etdiyi sanksiyalar beynəlxalq hüquqa əsaslanmır

Çin Xarici İşlər Nazirliyi bildirir ki, ABŞ-ın İran neftinin idxalına qarşı tətbiq etdiyi sanksiyalar beynəlxalq hüquqa əsaslanmır. Bu barədə nazirliyin sözçüsü Lin Jian açıqlama verib.

Sözçü qeyd edib ki, Pekin Vaşinqtonu bu sanksiyaları dərhal ləğv etməyə çağırır.

“Çin həmişə beynəlxalq hüquqa əsaslanmayan qeyri-qanuni birtərəfli sanksiyalara qarşı çıxır və ABŞ-ı sanksiyalardan sui-istifadə etməyi, eləcə də yurisdiksiyanı əsassız şəkildə geniş tətbiq etmə praktikasını dayandırmağa çağırır,” – deyə Lin Jian bildirib.

Onun sözlərinə görə, Çin öz şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacaq.

Qeyd edək ki, aprelin 24-də ABŞ Çində yerləşən iri neft emalı zavoduna, eləcə də İran neftinin daşınmasında iştirak edən təxminən 40 daşıyıcı şirkət və tankerlərə sanksiyalar tətbiq edib. Sanksiyalar Hengli Petrochemical şirkətinin Dalian limanındakı obyektinə də şamil olunur. Bu zavodun gündəlik emal gücü təxminən 400 min barrel xam neft təşkil edir və Çində ən böyük müstəqil neft emalı müəssisələrindən biri hesab olunur.