Çin Xarici İşlər naziri – Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
Çin Xarici İşlər naziri, Vanq İ bəyan edir ki, Pekin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir. “Reuters” agentliyinin məlumatına görə, Vanq bu barədə BMT Baş Assambleyasında çıxışı zamanı bəyan etdi.
“Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir. Fundamental həll yolu bütün tərəflərin qanuni təhlükəsizlik maraqlarını nəzərə almaq və balanslaşdırılmış, effektiv və davamlı təhlükəsizlik arxitekturasını qurmaqdır. Biz bütün maraqlı tərəfləri böhranı yaymaqdan çəkinməyə və inkişaf etməkdə olan ölkələrin qanuni hüquq və maraqlarını qorumağa çağırırıq”, – Vanq İ bəyan etdi.
“Reuters” agentliyinin yazdığına görə, Rusiyanın müttəfiqi Çin Qərbin Rusiyaya qarşı sanksiyalarını sərt tənqid edir, lakin Moskvanı dəstəkləməkdən və hərbi yardım göstərməkdən çəkinir.
Bundan başqa, Vanq İ Tayvan məsələsinə də toxundu və qeyd etdi ki, Tayvanın Çinə dinc yolla birləşdirilməsi prosesi davam etməlidir.