Cin Şahin və Cim Riş bəyanat yayırlar - Tramp Administrasiyasını münasibətlərə yenidən baxmaqla bağlı qərar verməzdən əvvəl Gürcüstan hökumətinin son addımlarını nəzərə almağa çağırırıq
Amerikalı senatorlar Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Riş və aparıcı üzvü Cin Şahin Gürcüstandakı cari siyasi vəziyyətə və oktyabrın 4-də yerli seçkilərdən sonra inkişaf etmiş hadisələrə münasibət bildirirlər.
“Gürcüstanda pisləşən siyasi vəziyyət və yerli seçkilərdən sonra həyata keçirilən Gürcüstan hökumətinin narahatedici addımları bizi getdikcə daha çox narahat edir. Baş nazir Kobaxidzenin müxalifət partiyalarını qadağan etmək və onların liderlərini həbs etmək qərarı narahatedici, anti-demokratikdir və “Gürcü Arzusu”nun normal siyasi dialoqa doğru hərəkətlə tamamilə maraqlanmadığının daha bir sübutudur. Siyasi motivli istintaqlar və vətəndaş cəmiyyətinin liderlərini, xüsusilə də ABŞ hökuməti ilə əməkdaşlıq edən və komitəmizin sorğularında iştirak etmiş şəxsləri qorxutmaq hakimiyyətə həqiqəti söyləmək kimi qürurlu tarixi olan bir ölkədə fərqli fikri boğmaq cəhdidir.
Həmçinin, Gürcüstan hökumətinin sabiq amerikalı rəsmi şəxsləri guya onların Gürcüstan hökumətinin əsaslarını sarsıtması kimi əsassız ittihamlarla hədəfə alması qəbuledilməzdir. Aydın şəkildə deyilməlidir: Gürcüstanın demokratiyasını və ölkənin gələcəyini müəyyən etmək qabiliyyətini sarsıdan Amerika Birləşmiş Ştatları deyil, elə “Gürcü Arzusu”nun özüdür. Biz Dövlət Departamentinin bu narahatedici hadisələri müzakirə etmək üçün Gürcüstan səfirini çağırmaq qərarını təqdir edirik və Tramp Administrasiyasını iki ölkə arasında münasibətlərə yenidən baxmaqla bağlı qərar verməzdən əvvəl Gürcüstan hökumətinin son addımlarını nəzərə almağa çağırırıq.
Biz sadəcə olaraq öz müqəddəratını təyin etmək hüququnu həyata keçirməyə can atan Gürcüstan xalqına sarsılmaz, ikipartiyalı dəstəyimizi ifadə edirik” – Cin Şahin və Cim Rişin birgə bəyanatında deyilir.