Cey Di Vensi – ABŞ Böyük Britaniya ilə ticarət sazişi əldə etmək üçün ciddi şəkildə çalışır
ABŞ Böyük Britaniya ilə ticarət sazişinə nail olmaq üçün ciddi və səylə işləyir – bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vensi bəyan edib. Onun sözlərinə görə, hər iki tərəfin razılığa gəlməsi üçün yaxşı imkanlar mövcuddur.
“Biz, əlbəttə ki, Kirs Starmerin hökuməti ilə ticarət sazişi üzərində çox ciddi çalışırıq,” – deyə o bildirib.
Vitse-prezident əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanı çox sevir.
“O, kraliçanı sevirdi. Kralı heyranlıqla qarşılayır və onu sevir. Bu, çox vacib münasibətlərdir. Həmçinin Tramp bir iş adamıdır və Böyük Britaniyada bir sıra əhəmiyyətli biznes əlaqələrinə malikdir,” – deyə Vensi bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya və ABŞ arasındakı münasibətlər daha dərin xarakter daşıyır və bu da “həqiqi mədəni qohumluğu” əks etdirir.
“Buna görə də düşünürəm ki, bəli, biz hər iki ölkənin maraqlarına cavab verəcək böyük bir sazişə nail olmaq üçün yaxşı şanslara sahibik,” – deyə Vensi qeyd edib.