Çexiya Prezidenti ölkənin baş nazirini məhkəməyə verib

19:59, 23.06.2026

 

Çexiya Prezidenti Petr Pavel ölkənin baş naziri Andrey Babişi Konstitusiya Məhkəməsinə verib. Buna səbəb Andrey Babişin Petr Pavelin Ankarada keçiriləcək NATO sammitinə gedəcək nümayəndə heyətinin tərkibinə daxil edilməməsi barədə qərarı olub.

Petr Pavel iddia ərizəsində dövlət başçısının NATO sammitində iştirak edib-edə bilməyəcəyinə qərar verməyin kimin səlahiyyət və rəsmi icazəsi daxilində olduğunun müəyyənləşdirilməsini tələb edir.

Petr Pavelin şikayətində həmçinin deyilir ki, Andrey Babişin onu sammitdən “kənarlaşdırmaq” cəhdi “konstitusiya ilə ona verilmiş funksiyanı məhdudlaşdırır”. Prezident qeyd edir ki, onun bütün sələfləri NATO sammitlərində iştirak ediblər, eləcə də özü 2023-cü ildə prezident vəzifəsini tutduqdan sonra bütün sammitlərdə iştirak edib.

Məhkəmə bu məsələyə iyunun 24-də baxacaq.

Məlumat üçün: Aylarla davam edən mübahisədən sonra Andrey Babiş iyunun 22-də bəyan edib ki, dövlət başçısı Ankaraya gedə bilməyəcək, çünki “sammit fərqli olacaq”.

Oxşar