Çerniqovda çoxmərtəbəli binaya Rusiya dronu çırpıldı, ölən və yaralananlar var
Çerniqovda çoxmərtəbəli binaya Rusiya dronu çırpılıb, nəticədə ölən və yaralananlar olub.
Çerniqov Şəhər Hərbi Administrasiyasının rəhbəri Dmitri Brijinskinin bildirdiyinə görə, hücum yanğına səbəb olub. Onun sözlərinə görə, həmçinin kritik əhəmiyyətli infrastruktur obyektləri də zərər görüb.
“İlkin məlumata görə, bir nəfər həlak olub. Üç nəfər yaralanıb, onların arasında bir uşaq da var”, – deyə Brijinski bildirib.
Ukrayna mediasının məlumatına görə, Milad gecəsi — 24 dekabrda — Rusiya qüvvələri Ukraynanın mülki obyektlərinə zərbələri davam etdirib və Çerniqov, Çerkası və Xarkov vilayətləri bombalanıb.
Hücumlar nəticəsində Çerniqov rayonunda bir neçə mühüm enerji obyekti zədələnib, bir neçə şəhərdə istehlakçılara elektrik enerjisinin verilməsi dayandırılıb.