Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir
Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir

Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir.

Aparılan ilkin sorğulara görə, seçkilərdə müxalifətin namizədi Li Cae Myunq liderlik edir. İkinci yerdə isə hakim partiyanın namizədi – Kim Mun Su durur. O, Yoon Suk Yeol-un hökumətində əmək və məşğulluq naziri olub.

Səsvermə məntəqələri yerli vaxtla səhər saat 06:00-da açılıb və axşam 20:00-da bağlanacaq.

Cənubi Koreya vətəndaşları əvvəlcədən səsvermə hüququndan 29 və 30 may tarixlərində istifadə edə bildilər. Bu imkandan təxminən 15 milyon insan yararlanıb.

Milli Seçki Komissiyası səslərin sayılmasından bir neçə saat sonra qalib namizədin andiçmə mərasiminin keçirilməsinin gözlənildiyini bildirib.

“Reuters”in məlumatına görə, Cənubi Koreyada seçicilər qarşısında iki əsas məsələ dayanır – ölkə iqtisadiyyatının gücləndirilməsi və siyasi qarşıdurmanın sona çatdırılması.

Xatırladaq ki, Cənubi Koreyada qarşıdurmalar keçmiş prezident Yoon Suk Yeol-un impiçment qaydasında vəzifədən kənarlaşdırılmasından sonra başladı. Buna səbəb prezidentin ölkədə hərbi vəziyyət elan etməsi oldu, bu isə genişmiqyaslı etirazlara səbəb oldu. Milli Assambleya hərbi vəziyyəti bir neçə saat sonra ləğv etdi.