Cənubi Koreyada Donald Tramp və Si Dzinpinin görüşü keçirilib
Cənubi Koreyada Donald Tramp və Si Dzinpinin görüşü keçirilib

 

Cənubi Koreyada ABŞ Prezidenti Donald Tramp və Çinin lideri Si Dzinpinin görüşü keçirilib. Danışıqlar təxminən iki saat davam edib.

Danışıqlar başlamazdan əvvəl Donald Tramp “çox uğurlu görüş” gözlədiyini bildirib və Si Dzinpinlə “hər zaman yaxşı münasibətləri olduğunu” əlavə edib.

“Çox uğurlu görüşümüz olacaq. Lakin, o, çox çətin danışıqlar aparandır, bu isə yaxşı deyil. Biz bir-birimizi yaxşı tanıyırıq. Bir-birimizi çox yaxşı anlayacağıq, əla münasibətimiz var, hər zaman əla münasibətimiz olub” – görüş başlamazdan əvvəl Donald Tramp bildirib.

Öz növbəsində Si Dzinpin Trampı görməyin çox xoş olduğunu bildirib.

Çin Prezidenti Donald Trampın yenidən seçilməsindən sonra onunla üç dəfə telefon danışığı və yazışmasının olduğunu bildirib.

“Dünyanın iki aparıcı iqtisadiyyatının zaman-zaman qarşıdurma yaşaması normaldır. Dəfələrlə ictimai şəkildə demişəm ki, Çin və Amerika Birləşmiş Ştatları tərəfdaş və dost olmalıdırlar. Bunu bizə tarix öyrədir və reallıq bunu tələb edir” – Si Dzinpin qeyd edib və əlavə edib ki, hər iki ölkə “düzgün kursla irəliləməyə davam etməlidir”.

Liderlərin görüşdə ticarət razılaşması, rüsumlar və “TikTok”un satışı da daxil olmaqla bir neçə mühüm məsələni müzakirə etdikləri ehtimal olunur.