Cənubi Koreya səfirini Ukraynadan geri çağıracaq
Cənubi Koreya səfirini Ukraynadan geri çağıracaq. Məlumatı “Reuters” Cənubi Koreyanın Xarici İşlər Nazirliyinə istinadən yayır.
“Hökumət Koreya Respublikasının Ukraynadakı səfirini vətənə geri çağırmaq barədə qərar qəbul edib. Hökumət ümid edir ki, iki ölkə arasında mövcud olan bütün məsələlər uğurla həll olunacaq və bu məqsədə nail olmaq üçün Ukrayna tərəfi ilə məsləhətləşmələri davam etdirəcək” – Cənubi Koreyanın Xarici İşlər Nazirliyindən bəyan edirlər.
Məlumat üçün bildirək ki, Kiyevin Cənubi Koreyaya iki şimali koreyalı hərbi əsirin təhvil verilməsi barədə məlumatı ictimailəşdirməsi Seulda kəskin mənfi reaksiya ilə qarşılanıb. Məlum olduğu kimi, onlar Rusiyanın tərəfində döyüşüblər və keçən ilin əvvəlində ukraynalılar tərəfindən əsir götürülüblər.
Cənubi Koreya hakimiyyətində məlumatın ictimailəşdirilməsi səbəbindən hərbi əsirlərin ailə üzvlərinin Şimali Koreya rejiminin hədəfinə çevrilə biləcəyindən ehtiyat edirlər.
Həftənin əvvəlində Cənubi Koreya məlumatın açıqlanmasına görə Ukraynadan üzrxahlıq aldığını açıqlayıb. Lakin Seul üzrxahlığı kifayət qədər hesab etməyib və “həlledici tədbirlər” görəcəyini bəyan edib.
İki Şimali Koreya hərbi əsirinin Cənubi Koreyaya təhvil verilməsi barədə Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 23-də BMT Baş Assambleyasının iclasındakı çıxışı zamanı bildirib. Zelenskinin müşaviri Dmitro Litvin bildirib ki, Kiyevlə Seul arasında məlumatın məxfi saxlanılması barədə razılaşma olmayıb və “konkret hərbi əsirlərin haraya getdiyini gizlətmək yanlış olardı”.