Cənubi Koreya Prezidenti Li Ce Myonq həddindən artıq istiləri milli fəlakət adlandırıb, yüksək temperatur səbəbindən ölkədə 19 nəfər həlak olub

17:13, 04.08.2026

 

Cənubi Koreya Prezidenti Li Ce Myonq, ölkədə yüksək temperatur səbəbindən 19 nəfərin həlak olmasından sonra həddindən artıq istiləri milli fəlakət adlandırıb. Bu barədə məlumatı “Reuters” yayır.

Nazirlər Kabinetinin iclasında çıxış edən Li Ce Myonq aidiyyəti qurumlara əhalinin gündəlik həyatını qorumaq üçün zəruri tədbirlər görməyi və elektrik enerjisi sistemlərini yoxlamağı tapşırıb, çünki kondisionerlərin istifadəsinin artması ilə elektrik enerjisinə olan tələbat kəskin şəkildə yüksəlib.

“Anormal hava şəraiti səbəbindən həddindən artıq istilərin, böyük ehtimalla, hələ uzun müddət davam edəcəyi daha böyük narahatlıq doğurur” – Cənubi Koreya Prezidenti bildirib.

Ölkənin Meteorologiya Xidmətinin məlumatına əsasən, Cənubi Koreyanın cənub-şərqində yerləşən Yanqsan şəhərində havanın temperaturu 42.5 dərəcəyə çatıb, bu da 122 illik meteoroloji müşahidələr tarixinin ən yüksək göstəricisidir.

Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktikası Agentliyinin məlumatına əsasən, rekord istilər nəticəsində həlak olanların sayı 19-a çatıb və onların 13-ü 80 və ya daha yuxarı yaşda olan şəxslərdir.

Oxşar