Cənubi Karolinada barda baş verən atışma nəticəsində dörd nəfər həlak olub, azı 20 nəfər yaralanıb
Cənubi Karolinada bir barda baş verən atışma nəticəsində dörd nəfər həyatını itirib, azı 20 nəfər yaralanıb. Yaralılardan dördünün vəziyyəti kritik olaraq qiymətləndirilir.
Bu barədə məlumatı “Associated Press” yayıb.
Mediada verilən məlumata görə, atışma səhərə yaxın Sent-Helen adasında yerləşən Willie’s Bar and Grill adlı məkanda baş verib.
“Bu, hamı üçün faciəvi və çətin hadisədir. Xahiş edirik, istintaq davam etdiyi müddətdə səbirli olun. Düşüncələrimiz bütün qurbanlar və onların yaxınları ilədir,” – deyə Bofort dairəsinin şerif idarəsinin bəyanatında bildirilib.