Cənubi Afrikada atışma nəticəsində 28 nəfər ölüb, 25 nəfər yaralanıb

13:38, 28.09.2026

Cənubi Afrikada bir neçə saatlıq fasilə ilə baş verən atışmalar nəticəsində 28 nəfər ölüb, 25 nəfər yaralanıb.

Sonuncu hadisə Yohannesburq yaxınlığındakı barlardan birində baş verib. Silahlı şəxslər bara daxil olaraq atəş açıblar. Hücum nəticəsində 18 nəfər ölüb, 14 nəfər yaralanıb. Hücum edənlər əvvəlcə barın qarşısında olan şəxslərə atəş açıb, daha sonra binaya daxil olublar. Ərazidən uzaqlaşarkən isə çöldə saxlanılan iki avtomobili yandırıblar.

Polisin məlumatına görə, yaralananlar arasında yerli sakinlərlə yanaşı, Lesoto və Efiopiya vətəndaşları da var. Hücumun motivi kimi qarət ehtimalı nəzərdən keçirilir.

Digər bir hücum sentyabrın 27-də səhər saatlarında Keyptaun yaxınlığındakı kiçik yaşayış məntəqəsində, əyləncə obyektinin yaxınlığında baş verib.

Hazırda hadisələrlə bağlı heç bir şübhəli saxlanılmayıb.

Bir neçə gün əvvəl isə Durban şəhərində silahlı hücum nəticəsində 11 nəfər həyatını itirib.

Oxşar