“CBS News”: ABŞ və İsrail bu gün və sabah İranın enerji infrastrukturuna qarşı genişmiqyaslı hərbi əməliyyat keçirmək imkanını müzakirə edir

10:58, 01.08.2026

“CBS News”un məlumatına görə, ABŞ və İsrail bu gün və sabah İranın enerji infrastrukturu obyektlərinə qarşı ən genişmiqyaslı hərbi əməliyyatlardan birinin keçirilməsi imkanını müzakirə edirlər.
Telekanalın məlumatında bildirilir ki, əməliyyatın bazar ertəsinə, yəni maliyyə bazarları açılmazdan əvvəl başa çatdırılması planlaşdırılır. Buna səbəb mümkün zərbələrin həm ABŞ, həm də qlobal iqtisadiyyata mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlardır. Əməliyyatın yekun vaxtı isə hələ müəyyənləşdirilməyib.
CBS News-un bir neçə mənbəsinin bildirdiyinə görə, İsrail bu planlar barədə məlumatlandırılıb və ABŞ ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir. Eyni zamanda, mənbələr qeyd edirlər ki, ABŞ Prezidenti Donald Tramp hələlik zərbələrin başlanması ilə bağlı yekun göstəriş verməyib.
Medianın məlumatına əsasən, hərbi əməliyyat planı iyulun 31-də Kemp-Deviddə Prezident Donald Trampın kabinet iclasında müzakirə olunub.
CBS News-un mənbələrindən birinin sözlərinə görə, Ağ Evin bəzi siyasi müşavirləri bu plana qəti şəkildə qarşı çıxıblar. Daha iki mənbənin iddiasına görə, ABŞ-ın ehtimal olunan hədəfləri enerji infrastrukturu obyektləri, o cümlədən elektrik stansiyaları və neft emalı zavodları olacaq.

Oxşar