Castin Timberleykin konserti "Dinamo Arenada" 23 iyulda baş tutacaq
Starring Georgia layihəsi çərçivəsində pop musiqisinin ən məşhur ifaçılarından biri olan Castin Timberleyk 23 iyulda Tbilisidə, “Dinamo Arena” stadionunda konsert verəcək.
Biletlərin satışı 8 aprel tarixində saat 12:00-da TKT.ge saytında başlayacaq.
Tədbirin təşkilatçılarının verdiyi məlumata görə, Starring Georgia musiqi odissseyasının sadiq izləyiciləri – Starring Card sahibləri, pre-sale imkanı əldə edəcəklər və biletləri satışdan bir gün əvvəl, məhdud sayda almaq hüququna sahib olacaqlar. Əvvəlcədən satış 7 aprel saat 12:00-da TKT.ge saytında başlayacaq.
“Castin Timberleyk çoxşaxəli sənətçidir – musiqiçi, prodüser, bəstəkar və aktyor. Onun dünya üzrə 54 milyondan çox albomu və 63 milyon mahnısı satılıb. Sənətçi karyerasına 30 il əvvəl məşhur NSYNC oğlan qrupunun solisti kimi başlayıb. Bu qrupla birlikdə 70 milyon nüsxə musiqi yazısı satılıb. Timberleykin pop, dans və R&B janrlarında 10 GRAMMY mükafatı var – o cümlədən solo albomları Man of the Woods, The 20/20 Experience, FutureSex/LoveSounds və debüt albomu Justified ilə.
Bundan əlavə, Jay-Z ilə olan əməkdaşlığı nəticəsində onun musiqiləri və videoları dünya üzrə 23 milyarddan çox dinlənmə toplayıb. Timberleyk həmçinin Saturday Night Live şousundakı yaddaqalan çıxışlarına görə 4 dəfə Emmy mükafatına layiq görülüb.
Castin Timberleyk DreamWorks-in animasiya müzikli TROLLS-a da səs verib. Onun “Can’t Stop the Feeling” adlı hiti 2017-ci ilin Trolls Holiday filmindən sonra “Ən Yaxşı Orijinal Mahnı” nominasiyasında Oskar mükafatına namizəd olub. Sənətçi bu yaxınlarda altıncı studiya albomu – Everything I Thought It Was-ı buraxıb. Bu alboma Selfish və No Angels kimi hitlər də daxildir.
23 iyulda Dinamo Arena-da toplanacaq on minlərlə musiqisevər həm sevimli hitləri, həm də yeni albomdan ifaları canlı dinləmək imkanı əldə edəcək,” – deyə tədbirin təşkilatçıları bildiriblər.