Cari ildə gürcü şərabı dünyanın 18 ölkəsində keçirilən 140-a yaxın tədbirdə təqdim olunub
Gürcüstanın Milli Şərab Agentliyinin maliyyə və təşkilati dəstəyi ilə cari ilin 7 ayı ərzində gürcü şərabı dünyanın 11 ölkəsində keçirilən 24 beynəlxalq sərgi və festivalda təqdim olunub. Tədbirlər Almaniya, Çin, Fransa, Yaponiya, İtaliya, Sloveniya, Yunanıstan, ABŞ, Avstriya, Böyük Britaniya və Belarusda keçirilib.
Milli Şərab Agentliyinin məlumatına görə, eyni dövrdə dünyanın 11 ölkəsində gürcü şərabının 115 təqdimatı və dequstasiyası təşkil olunub. Tədbirlərə Almaniya, Avstraliya, ABŞ, Türkiyə, Norveç, Fransa, Belçika, İsveçrə, Cənubi Koreya, Polşa və Böyük Britaniya ev sahibliyi edib.
Yerli bazarda gürcü şərabının tanıdılması üzrə dövlət proqramı çərçivəsində Milli Şərab Agentliyinin maliyyə dəstəyi ilə Gürcüstanda 20 tədbir keçirilib. Bu tədbirlərə ustad dərsləri, sərgilər, festivallar, müsabiqələr və forumlar daxil olub.
Hesabat dövründə xarici şərab mütəxəssislərinin, ticarət sahəsi və media nümayəndələrinin iştirakı ilə Gürcüstanda 12 şərab turu təşkil edilib.
Gürcü şərabının beynəlxalq tanınmasının artırılması və ölkənin çoxəsrlik şərabçılıq ənənələrinin təşviqi məqsədilə Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Şərab Agentliyinin təşəbbüsü və Gürcüstan hökumətinin qərarı ilə Milli Şərab Günü təsis edilib. Bu gün hər il mayın 8-də qeyd olunur.
Gürcü şərabının strateji və prioritet bazarlarda müxtəlif formatlarda marketinq tədbirləri Milli Şərab Agentliyinin müqaviləli şirkətləri tərəfindən həyata keçirilir. Agentlik üçün strateji bazarlar sırasında ABŞ, Böyük Britaniya, Almaniya, Polşa, Çin, Cənubi Koreya və Yaponiya qalır.