Büronun iclasında "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna dəyişikliklərin təşəbbüsü irəli sürülüb
Büronun iclasında "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna dəyişikliklərin təşəbbüsü irəli sürülüb

 

Məhkəmə tərəfindən bir sıra rüşvət cinayətində ifşa edilən dövlət məmurları və siyasi vəzifəli şəxslər 30 il ərzində əmlak bəyannaməsi doldurmaq və onu Antikorrupsiya Bürosuna təqdim etmək öhdəliyi daşıyacaqlar.

Müvafiq dəyişikliklər “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna daxil edilir və onun təşəbbüsü büronun bugünkü iclasında irəli sürülüb.

Dəyişikliklərlə dəqiqləşdirilir ki, qanunun təsir dairəsinə düşürlər – dövlət qulluqçuları, dövlət qulluqçusuna bərabər tutulan şəxslər, ictimai qulluqçular, o cümlədən əmək müqaviləsi əsasında çalışan şəxslər, eləcə də dövlət orqanı və ya munisipalitet tərəfindən yaradılmış publik hüquqi şəxslərdə və qeyri-kommersiya hüquqi şəxslərdə çalışan və barələrində rüşvət cinayətinin törədilməsinə görə qanuni qüvvəyə minmiş məhkumedici hökm olan şəxslər.

Dəyişikliklərə əsasən, məhkəmə tərəfindən rüşvət cinayətində ifşa edilən dövlət məmurları və siyasi vəzifəli şəxslər məhkumedici hökmün qanuni qüvvəyə mindiyi gündən iki ay müddətində Antikorrupsiya Bürosuna vəzifəli şəxsin əmlak vəziyyəti haqqında bəyannamə təqdim etmək öhdəliyi daşıyırlar. Belə şəxslər 30 il ərzində əmlak bəyannaməsini hər il doldurmaq və təqdim etmək öhdəliyi daşıyacaqlar.

Hazırda qüvvədə olan “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna əsasən, vəzifəli şəxs Antikorrupsiya Bürosuna vəzifəli şəxsin əmlak vəziyyəti haqqında bəyannamə təqdim etmək öhdəliyi daşıyır. Bu öhdəlik yalnız vəzifədə olma müddəti üçün etibarlıdır.