Bu gündən Avropa İttifaqının sədr ölkəsi Çexiya olacaq. Bu statusun Fransadan rəsmi təhvil verilməsi NATO-nun Madriddə keçirilən sammitində baş tutdu. Bu gün isə, Çexiyanın şərqində yerləşən Litomişli şəhərində Çexiya və Avropa Komissiyasının birgə iclası keçiriləcək.
Çexiya hakimiyyətinin məlumatına görə, Avropa İttifaqına sədrlik dövründə onların prioritetləri Ukraynaya dəstək, müharibənin yaratdığı immiqrasiya böhranını həll etmək, Avropa İttifaqının enerji təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirmək olacaq. Çexiyada ümid edirlər ki, onların Avropa İttifaqına sədrliyi dövründə NATO ilə bəyannamə imzalanacaq.
Çexiya Avropa İttifaqının genişlənməsini fəal şəkildə dəstəkləyir. Bundan əlavə, Praqa həmçinin yeni üzvlər Xorvatiya, Bolqarıstan və Rumıniyanın Şengen zonasına qəbul edilməsinin tərəfdarıdır.
Çexiyanın sədrliyi dövründə Praqada Avropa İttifaqı liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək və onun əsas mövzusu Avropa İttifaqına daxil olmayan ölkələrin də üzv olacağı yeni Avropa İttifaqı olacaq. Qeyri-rəsmi sammit oktyabrda keçiriləcək.
Çexiya Avropa İttifaqına altı ay müddətində sədrlik edəcək.