Bu gün Roma Papası XIV Leo Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək – bu barədə Vatikan məlumat yayıb.
Vatikanın bildirdiyinə görə, andiçmə mərasimindən sonra Papa XIV Leo Ukrayna Prezidenti Zelenski ilə şəxsi görüş keçirəcək.
Bu gün yeni Roma Papası XIV Leonun andiçmə mərasimində müxtəlif ölkələrin nümayəndələri iştirak edirlər. ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens rəhbərlik edir, mərasimdə həmçinin dövlət katibi Marko Rubio da iştirak edir.
İnauqurasiya mərasimində iştirak edən digər ölkə nümayəndələri arasında İsrail, Peru və Nigeriya prezidentləri; İtaliya, Kanada və Avstraliyanın baş nazirləri; Almaniyanın kansleri və Avropa Komissiyasının prezidenti də var.
Dünən “Fox News”a verdiyi müsahibədə ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vatikan Rusiya və Ukrayna arasında istənilən formatda görüşə ev sahibliyi etmək üçün çox nəcib bir təklif irəli sürüb.