Bu gün Polşada seçilmiş prezident Karol Navrotskinin andiçmə mərasimi keçiriləcək
Bu gün Polşada seçilmiş prezident Karol Navrotskinin andiçmə mərasimi keçiriləcək. Karol Navrotskinin Polşa prezidenti vəzifəsinə andiçmə mərasimi yerli vaxtla saat 10:00-da başlayacaq.
Navrotski 460 deputat və 100 senator qarşısında and içəcək, bundan sonra da o, seçilmiş nümayəndələr qarşısında çıxış edəcək.
Karol Navrotski hazırkı prezident Ancei Dudanı əvəz edəcək.
Məlumat üçün bildirək ki, Polşada iyunun 1-də keçirilən prezident seçkilərinin ikinci turunda Karol Navrotski qalib gəlib. Müxalif sağçı mühafizəkar “Qanun və ədalət” partiyasının dəstəklədiyi Navrotski 50.9 faiz səs toplayıb. O, 49.1 faiz səs toplayan hakim partiyanın namizədi, Varşavanın meri Rafal Tşaskovskini məğlub edib.