Bu gün Gürcüstanın yeni, 142-ci Katolikos-Patriarxı seçiləcək
Bu gün Gürcüstanın yeni, 142-ci Katolikos-Patriarxı seçiləcək

Bu gün Gürcüstan Pravoslav Kilsəsinin Genişləndirilmiş Kilsə Məclisində Gürcüstanın yeni — 142-ci Katolikos-Patriarxı seçiləcək.

Məclis Müqəddəs Üçlük Kafedralında keçiriləcək və saat 13:00-da başlayacaq.

Kilsə məclisində 1200-ə yaxın nümayəndə iştirak edəcək. İclasda patriarxlığa namizədlərin çıxışları planlaşdırılır, həmçinin yeparxiyalardan təqdim olunan nümayəndələr də çıxış edəcəklər. Bundan əlavə, alimlərdən biri Gürcüstan Katolikos-Patriarxı tituluna dair tarixi icmal təqdim edəcək.

Kilsənin Genişləndirilmiş Məclisi qismən Gürcüstanın Birinci Kanalı vasitəsilə canlı yayımlanacaq. Canlı yayımda məclisin açılışı və səsvermə prosesi göstəriləcək. Səslərin hesablanması zamanı tədbir bağlanacaq, yekun nəticə isə yenidən canlı efirdə elan ediləcək. Səsvermənin nəticələrini Səslərin Hesablanması Komissiyasının sədri, yepiskop Ananiya açıqlayacaq.

Müqəddəs Üçlük Kafedralında keçiriləcək kilsə məclisində iştirak yalnız xüsusi siyahılar əsasında mümkün olacaq. Bu siyahılar idarəetmə nizamnaməsinə uyğun tərtib edilib.

Bununla yanaşı, məhdudiyyətlər məbədin həyətinə şamil edilmir. Genişləndirilmiş Məclis davam etdiyi müddətdə istənilən şəxs kafedralın həyətinə daxil ola biləcək.

Katolikos-Patriarx seçkilərində yalnız din xadimləri iştirak edirlər. Bütün Gürcüstanın Katolikos-Patriarxı elan olunmaq üçün namizəd məclisdə iştirak edən arxiyereylərin səslərinin yarıdan çoxunu — bu halda ən azı 20 səsi toplamalıdır.

Əgər heç bir namizəd səslərin yarıdan çoxunu qazana bilməsə, ikinci tur keçiriləcək. İkinci turda ilk səsvermədə ən çox səs toplamış iki namizəd iştirak edəcək.

Aprelin 28-də Patriarxlıqda keçirilən Müqəddəs Sinodun iclasında Sinod üzvləri patriarx postuna üç namizəd seçiblər.

Patriarxlığa namizədlər bunlardır:
— Katolikos-Patriarx taxtının müvəqqəti qoruyucusu, Senaki və Çxorotsku mitropoliti Şio (Muciri);
— Mroveli-Urbneli mitropoliti İobi (Akiyaşvili);
— Poti və Xobi mitropoliti Qriqoli (Berbiçaşvili).

Namizədlərin müəyyənləşdirilməsi üçün keçirilən səsvermədə Patriarx taxtının müvəqqəti qoruyucusu Şio 20 səs, digər iki namizəd isə 7-7 səs toplayıb.

Gürcüstan Katolikos-Patriarxının seçilməsi qaydası Gürcüstan Kilsəsinin idarəetmə nizamnaməsi ilə müəyyən edilir. Bu sənəd 1995-ci il 18–19 sentyabr tarixlərində Svetitsxoveli kafedralında keçirilən Gürcüstan Kilsəsinin XIII Genişləndirilmiş Məclisində qəbul olunub.

Yeni patriarxın intronizasiya tarixi də bu gün açıqlanacaq. Tarixlə bağlı qərarı seçilmiş patriarx özü verəcək.

Bütün Gürcüstanın 141-ci Katolikos-Patriarxı İkinci İliya martın 17-də, 93 yaşında vəfat edib.