"British Airways" Gürcüstanın aviasiya bazarında fəaliyyətə başladı
Gürcüstan və Böyük Britaniya arasında birbaşa hava əlaqəsi başladı. Bu gündən etibarən Birləşmiş Krallığın flaqman aviaşirkəti “British Airways” Gürcüstanın aviasiya bazarında fəaliyyətə başladı.
“British Airways”in “A320neo” tipli təyyarəsi Tbilisinin Şota Rustaveli adına Beynəlxalq Hava Limanına, 156 sərnişinlə, az əvvəl eniş etdi.
Bu günlə əlaqədar olaraq, Tbilisinin Beynəlxalq Hava Limanının hökumət terminalında rəsmi qəbul təşkil edilib. Tədbirdə Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uard, xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili, iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvili, Gürcüstan Hava Limanları Birliyinin baş direktoru Levan Moseşvili, Mülki Aviasiya Agentliyinin direktoru Qivi Davitaşvili, “TAV Georgia”nın baş meneceri Tea Zakaradze, Milli Turizm Administrasiyasının rəhbəri Maia Omiadze və “British Airways”in idarə heyətinin nümayəndələri iştirak ediblər.
Gürcüstan Hava Limanları Birliyi İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Xarici İşlər Nazirliyinin iştirakı ilə Avropanın ən böyük aviaşirkətlərindən biri ilə intensiv danışıqları uğurla başa çatdırıb. Nəticədə bu gündən etibarən London və Tbilisi birbaşa hava marşrutu ilə bir-birinə bağlanıb.
Aviaşirkət London-Tbilisi-London marşrutu üzrə həftədə dörd reys tezliyi ilə birbaşa müntəzəm reyslər həyata keçirəcək.
“British Airways” 50 il əvvəl qurulmuş bir markadır, lakin aviaşirkətin 100 ildən artıq fəaliyyət tarixi var. “British Airways”, “American Airlines” ilə birlikdə “SkyTeam” və “Star Alliance”dan sonra dünyada üçüncü ən böyük birlik olan qlobal aviaşirkətlər alyansı “One World”ün həmtəsisçisidir. “American Airlines” ilə sıx tərəfdaşlıq, “British Airways”in sərnişinlərinə London üzərindən Amerika Birləşmiş Ştatlarının müxtəlif şəhərlərinə tranzit uçuşlarından istifadə etməyə imkan verir. “British Airways” dünyanın 65 ölkəsinin 190-dan çox istiqamətinə uçuşlar təşkil edir. Aviaşirkətin əsas bazası Avropanın ən işlək hava limanlarından biri olan Londonun “Heathrow” Hava Limanında yerləşir.