Britaniya səfirliyi - Rusiya tərəfindən Gürcüstan ərazilərinin işğalını qınayırıq, Birləşmiş Krallıq Cenevrədə Gürcüstanın suverenliyinə dəstəyini bir daha təsdiqlədi
Britaniya səfirliyi - Rusiya tərəfindən Gürcüstan ərazilərinin işğalını qınayırıq, Birləşmiş Krallıq Cenevrədə Gürcüstanın suverenliyinə dəstəyini bir daha təsdiqlədi

 

Birləşmiş Krallıq Rusiya tərəfindən Gürcüstan ərazilərinin işğalını qınayır. Birləşmiş Krallıq Cenevrədə, BMT-nin İnsan Hüquqları Şurasının iclasında, Gürcüstanın suverenliyinə dəstəyini bir daha təsdiqlədi – bu barədə Böyük Britaniyanın Gürcüstandakı səfirliyinin bəyanatında qeyd olunub.

Səfirliyin məlumatına əsasən, “Birləşmiş Krallıq BMT-nin İnsan Hüquqları Şurasının 60/16 saylı “Gürcüstanla əməkdaşlıq” adlı qətnaməsini yenə də qətiyyətlə dəstəkləyir.

“Qətnamə Rusiya tərəfindən Gürcüstan ərazilərinin işğalı nəticəsində mövcud insan hüquqlarının pozulmasını və humanitar problemləri vurğulayır” – səfirliyin məlumatında qeyd olunub.

Bununla yanaşı, Böyük Britaniyanın Gürcüstandakı səfirliyi tərəfindən yayılmış məlumatda qeyd olunduğu kimi, Britaniyanın Avropa işləri üzrə dövlət naziri Stiven Dauti bildirib ki, “Rusiya öz hərbi qüvvələrini çıxarmalı, müstəqil regionların tanınmasını ləğv etməli və insan hüquqları üzrə beynəlxalq müşahidəçilərin girişinə yol açmalıdır”.

“17 il ərzində Rusiya Abxaziya və Sxinvali bölgələri üzərində qanunsuz hərbi nəzarət həyata keçirir, bu isə beynəlxalq hüquqa ziddir və etnik gürcüləri onların fundamental hüquqlarından məhrum edir. Bu işğala son qoyulmalıdır. Rusiya öz hərbi qüvvələrini çıxarmalı, müstəqil regionların tanınmasını ləğv etməli və insan hüquqları üzrə beynəlxalq müşahidəçilərin girişinə yol açmalıdır. Bütün məcburi köçkünlər, etnik mənsubiyyətindən asılı olmayaraq, öz evlərinə təhlükəsiz, ləyaqətli və dinc şəkildə qayıtmaq hüququna malik olmalıdırlar” – Stiven Dauti bildirib.

Məlumat üçün bildirək ki, 2025-ci ilin oktyabrın 8-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurası Gürcüstanın işğal altında olan əraziləri haqda “Gürcüstanla əməkdaşlıq” adlı qətnamə qəbul edib. Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia qətnaməni şuranın iclasında təqdim edib.