Britaniya məhkəməsi “Iran International”ın jurnalistinin bıçaqlanması işi üzrə iki Rumıniya vətəndaşını təqsirli bilib, prokurorlar onların İranın tapşırığı ilə hərəkət etdiklərinə dair məlumat verirlər
Britaniya məhkəməsi, əslən iranlı olan teleaparıcı, “Iran International”ın jurnalisti Puria Zeraatinin bıçaqlanması işi üzrə saxlanılan iki Rumıniya vətəndaşını təqsirli bilib.
Medianın məlumatına əsasən, 21 yaşlı Nandito Badea və 25 yaşlı Corc Stana qəsdən bədənə ağır xəsarət yetirməkdə təqsirli biliniblər. Məhkəmənin qərarı ilə Badea 8 il, Stana isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Prokurorların bəyan etdikləri kimi, hücum edənlər İran hökumətinin tapşırığı ilə hərəkət ediblər və məqsədləri “Iran International”ın jurnalistini likvidasiya etmək olub. Prokurorlar onların bunun üçün Puria Zeraatini bir ay boyunca izlədiklərini bildiriblər.
Məlumat üçün bildirək ki, “Iran International”ın jurnalisti Puria Zeraatiyə hücum 2024-cü ilin martın 29-da Londonun cənubunda, Uimbldonda baş verib. Evinin yaxınlığında iki nəfər ona hücum edib. Jurnalist ayaq nahiyəsindən xəsarət alıb.