Braziliyada daşqınlar nəticəsində 78 nəfər həlak olub
Braziliyada daşqınlar nəticəsində 78 nəfər həlak olub

 
Braziliyada bol yağıntının səbəb olduğu daşqınlar nəticəsində 78 nəfər həlak olub. Medianın yaydığı məlumatda, indiyədək ölkənin cənubundakı Rio Qrande du Sol bölgəsində əhalinin qidasız və susuz qaldığı deyilir. Bununla yanaşı, 115 mindən çox insan təxliyə edilib.

“Reuters”in məlumatına əsasən, Braziliyanın Prezidenti Luis İnasiu Lula da Silva xilasetmə əməliyyatlarının gedişatını yerli hakimiyyətlə müzakirə etmək üçün bölgəyə səfər edib. Xilasetmə prosesində könüllülər də iştirak edirlər.

Güclü yağışlar nəticəsində sürüşmə prosesləri də baş verib. Daşqınlar nəticəsində bölgədə avtomobil yolları və körpülər dağılıb.

Daşqınlar Uruqvay-Argentina sərhədi yaxınlığında yerləşən ştatın 500 şəhərinin təxminən üçdə ikisinə ziyan vurub. Həlak olanların sayının artacağı güman edilir, çünki bu vaxtadək 100-dən çox insan itkin düşmüş hesab olunur.