“Böyük İyirmilik” sammitində Serqey Lavrovun iştirakına görə avropalı diplomatlar birgə şəkil çəkdirməkdən imtina ediblər
“Böyük İyirmilik” sammitində Rusiyanın xarici işlər naziri Serqey Lavrovun iştirakına görə avropalı diplomatlar “ailə şəkli“ çəkdirməkdən imtina ediblər.
İki rəsmi şəxs “BBC”yə təsdiqləyib ki, planlaşdırılan “ailə şəkli“ çəkilişi rəsmən ləğv olunub.
ABŞ rəsmilərindən biri fotoçəkilişin “bəzi nümayəndə heyətlərinin birgə fotoda iştirak etmək istəmədiyi” məlum olduqdan sonra ləğv edildiyini bildirib.
Bununla yanaşı, medianın məlumatına əsasən, ABŞ iki “ailə şəkli“ çəkdirmək imkanını da nəzərdən keçirib – biri Lavrovla birlikdə, digəri isə onsuz.
Yekunda dövlət katibi Marko Rubio fotoçəkilişi ümumiyyətlə ləğv etmək qərarına gəlib.
Medianın məlumatına əsasən, Rubio bu qərarı fotonun ətrafında yaranacaq qalmaqalın tədbirin məqsədini və əldə olunan nəticələri kölgədə qoyacağını düşündüyü üçün verib.
Məlumat üçün bildirək ki, 30–31 oktyabr tarixlərində ABŞ-da Corciya ştatının Atlanta şəhərində G20-nin xarici işlər nazirlərinin görüşü keçirilir və tədbirdə Rusiyanın xarici işlər naziri Serqey Lavrov iştirak edir.
Bu, rus nazirə görə G20-də “ailə şəkli“nin çəkilmədiyi ilk hal deyil. Oxşar fakt 2022-ci ildə Balidə və 2023-cü ildə Hindistanda keçirilən görüşlərdə də baş verib. 2025-ci ildə Yohannesburqda fotonun çəkilməməsini “vaxt azlığı“ ilə izah ediblər, lakin jurnalistlərin məlumatına əsasən, Avropa ölkələrinin diplomatları Lavrovun yanında şəkil çəkdirməkdən imtina etmişdilər.