"Böyük Eqrisi Müharibəsi" - Birinci Kanalın yeni filminin premyerası

 

“Böyük Eqrisi Müharibəsi” ssenarisi romalı tarixçilər Qeysəriyyəli Prokopi və Aqatia Skolastikosun əsərlərinə əsaslanan bədii-sənədli filmdir.

Film VI əsrin Gürcüstanını təsvir edir və geosiyasi maraqların kəsişməsində yerləşən gürcü krallıqlarının necə qlobal qarşıdurmanın episentrinə düşdüyünü göstərir.

Bu, böyük imperiyaların, Roma və İranın İpək Yoluna nəzarət uğrunda bir-biri ilə mübarizə apardığı dövrdür. Onların əsas məqsədi ərazilərə nəzarətdir və Gürcüstanın taleyi heç birini maraqlandırmır. Məhz bu ağır şəraitdə Gürcüstanın varlığı-yoxluğu məsələsi gündəmə gəlir.

İmperiyalar arasında qalan Eqrisi krallığı böyük çağırışlarla üzləşir. Bu vaxt ölkəni gənc çar Qubaz idarə edir və o, ölkəni xilas etmək üçün çox çətin qərarlar qəbul etməli olur və sonda, bu 20 illik müharibəyə qurban gedir.

Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili, filmin təhsil nöqteyi-nəzərdən xüsusilə vacib olduğunu bildirib.

“Düşünürəm ki, tamaşaçının özü bu filmə nə qədər böyük zəhmət qoyulduğunu görəcək. İlk növbədə, süni intellektin bu keyfiyyətdə istifadəsi həqiqətən də misilsizdir. Demək olar ki, Qərb mediasının bu gün fəal şəkildə istifadə etdiyi formatla müəyyən oxşarlığa malikdir, lakin keyfiyyət baxımından, həm vizual, həm də səsləndirmə baxımından film çox yüksək standartlara cavab verir. Bundan başqa, buna tarixi və geosiyasi əhəmiyyət də əlavə olunur, bu isə təhsil nöqteyi-nəzərdən xüsusilə vacibdir. Bizim əsas missiyamız Gürcüstanı daha yaxşı təqdim etmək, tarixi yaxşı bilmək və bu ölkəni sevməkdir. Düşünürəm ki, bu filmə hər şey qoyulub” — Berdzenișvili bildirib.

Filmin müəllifi, İctimai Yayımçının Qəyyumlar Şurasının sədri Vasil Mağlaperidzenin dediyi kimi, film müəyyən dərəcə eksperimentdir.

“Gənclər üçün və təkcə onlar üçün də deyil, tariximizi necə göstərmək və necə oxutmaq formasını axtardığımız idraki-maarifləndirici layihədir. Ölkəmizin üzləşdiyi çox mühüm çağırış öz tariximizi unutmamaqdır. Öz tarixini unutmaq millətin yoxa çıxmasının ilkin şərtidir. Tamhəcmli tarixi filmlərin yaradılması təkcə Gürcüstanda deyil, dünyada da problemli məsələdir. Bu eksperimenti süni intellektdən istifadə etməklə həyata keçirməyə çalışdıq” — Vasil Mağlaperidze bildirib.

Rejissor Tamar Tsitsişvilinin bəyanatına əsasən, film vasitəsilə tamaşaçıya həm məzmun, həm də emosiya ilə konkret hekayə çatdırılıb.

“Düşünürəm ki, eksperiment özünü doğrultdu, çünki istədiyimiz şeyi əldə etdik: emosiya, konkret hekayə və bunu həm məzmun, həm də emosiya ilə tamaşaçıya çatdırdıq. Bunu bacardıq. Elə bir təcrübə qazandıq və o qədər maraqlı yol keçdik ki, bu bizi yeni çağırışlar qarşısında qoyacaq. Belə tarixi filmləri süni intellekt vasitəsilə yaratmaq asanlıqla mümkündür və yaxşı olar ki, bu yolu davam etdirək və burada bitməyəcək” — Tsitsișvili qeyd edib.

Bununla yanaşı, Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze layihənin həm idrak, həm də tarixin təqdimatı baxımından əhəmiyyətinin misilsiz olduğunu qeyd edib.

“Layihə kino sənayesinin inkişafı baxımından da vacibdir – İctimai Yayımçı və Mədəniyyət Nazirliyi onun inkişafına birgə qayğı göstərməlidir. Bütün komandanı təbrik edirəm və ümid edirəm ki, filmi çox insan görəcək, bütün gürcülər bu tarixi bilməlidir” – Tinatin Ruxadze bildirib.

Layihənin müəllifi Vasil Mağlaperidze, rejissoru Tamar Tsitsişvilidir. Filmdə tarixi hadisələr süni intellektdən istifadə etməklə canlandırılıb. Süni intellektlə yaradılan qrafik videolar üzərində Tenqiz Tadumadze, Quram Axobadze və Qiorqi Calidze işləyiblər.

Premyerası İctimai Yayımçının “İluzion” kinoteatrında keçirilən film iki epizoddan ibarətdir.