Böyük Britaniyada son iki gündə 2 000-dən çox aviareys ləğv edilib və ya təxirə salınıb
Son iki gün ərzində Birləşmiş Krallıqda 2 000-dən çox aviareys ləğv edilib və ya təxirə salınıb.
Aviasiya üzrə analitik şirkət “Cirium”un məlumatına görə, çərşənbə axşamı Böyük Britaniya hava limanlarında reyslərin 30 faizindən çoxu, bu gün isə aviareyslərin təxminən 6 faizi ləğv edilib və ya təxirə salınıb.
Hazırda yayılan məlumata görə, aviareyslərin ləğv edilməsinin və ya təxirə salınmasının səbəbi texniki problemlərdir. Aviaşirkətlər sərnişinlərə hava limanına yola düşməzdən əvvəl reysin statusunu yoxlamağı və yalnız uçuşun həyata keçiriləcəyi təsdiqləndiyi halda hava limanına getməyi tövsiyə edir.
“Heathrow” hava limanında sərnişinlərə kömək etmək üçün terminallara əlavə personal cəlb edilib. Hava limanının administrasiyasının bəyanatına görə, onlar milli qurumlar və aviaşirkətlərlə əməkdaşlıq edirlər ki, fəaliyyət mümkün qədər tez adi rejimə qaytarılsın.