Böyük Britaniyada sığınacaq axtaranlarla bağlı ən genişmiqyaslı islahat başlayır
Böyük Britaniyada sığınacaq axtaranlarla bağlı ən genişmiqyaslı islahat başlayır

Böyük Britaniya hökuməti sığınacaq axtaranlarla bağlı ən genişmiqyaslı islahatı başlayır, – bunu “Reuters” yazır.

Məlumata görə, islahat çərçivəsində sığınacaq axtaranların statusu müvəqqəti olacaq və ölkədə daimi qalmaq istəyənlər üçün tələb olunan müddət dörd dəfə artırılaraq 20 ilə çatdırılacaq.

Böyük Britaniya hökumətində bildirirlər ki, ilhamı Danimarkanın yanaşmasından götürürlər; bu yanaşma Avropada ən sərtlərdən biridir.

İslahat çərçivəsində sığınacaq axtaranlara müəyyən dəstəyin verilməsini nəzərdə tutan qanuni öhdəlik ləğv olunacaq. Bu dəstəyə yaşayışla təminat və həftəlik müavinətin ödənilməsi də daxil idi.

Daxili işlər naziri Şabana Mahmudun sözlərinə görə, bu tədbirlər işləmək imkanı olan, lakin işləmək istəməyən sığınacaq axtaranlara şamil olunacaq. Onun sözlərinə görə, tədbirlər qanunu pozanlara da aid ediləcək.

Daxili İşlər Nazirliyində həmçinin bildirilib ki, qaçqınların qorunması müvəqqəti olacaq, mütəmadi olaraq yenidən yoxlanılacaq və əgər onların doğma ölkəsi təhlükəsiz hesab olunarsa, ləğv ediləcək.

“Bizim sistemimiz Avropanın digər ölkələri ilə müqayisədə xüsusilə səxavətlidir; çünki beş ildən sonra insan demək olar ki, avtomatik olaraq bu ölkədə məskunlaşmış sayılır. Biz bunu dəyişəcəyik”, – deyə Mahmud bildirib.