Böyük Britaniyada Leyboristlər Partiyasının lideri vəzifəsinə Endi Börnhem seçilib. O, ölkənin yeni Baş naziri olacaq

16:18, 17.07.2026

Böyük Britaniyada Leyboristlər Partiyasının lideri vəzifəsinə Endi Börnhem seçilib. Bu barədə “The Guardian” nəşri məlumat yayıb. O, ölkənin yeni Baş naziri olacaq.

Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud bildirib ki, Börnhemin faktiki olaraq rəqibi olmayıb. Onun sözlərinə görə, liderlik uğrunda namizəd əvvəlcə parlament üzvlərinin ən azı 20 faizinin dəstəyini qazanmalı idi. Börnhem 379 deputatın səsini toplayaraq bu həddi aşıb. Digər namizədə isə cəmi bir deputat dəstək verib.

Mətbuatın məlumatına görə, bundan sonra Börnhemə partiya ilə əlaqəli həmkarlar ittifaqları və sosialist təşkilatlarının dəstəyi də lazım olub. O, bütün 11 həmkarlar ittifaqının dəstəyini qazanıb.

Çıxışı zamanı Börnhem bildirib ki, sələfi Kir Starmerin rəhbərliyi altında Leyboristlər Partiyası “ən ağır məğlubiyyətdən tarixinin ən böyük qələbələrindən birinə qədər yol keçib”.

Börnhemin sözlərinə görə, onun ilk addımı Leyboristlər Partiyasının siyasi mədəniyyətini dəyişmək olacaq. O qeyd edib ki, problemlərin həllinə əsaslanan “yeni siyasət” qurmağa çalışacaq.

“Mən yeni siyasət quracağam – ölkənin buna ehtiyacı var. Biz çox vaxt bir-birimizdən üstün olmağa çalışırıq, amma insanlar bunu istəmir. Onlar real problemlərin həllini istəyirlər. Bu, dəyişiklik etmək üçün son şansdır və biz bundan birlikdə istifadə etməliyik”, – deyə Endi Börnhem bildirib.

Oxşar