Böyük Britaniya İsraillə azad ticarət haqqında danışıqları dayandırdı
Böyük Britaniya İsraillə azad ticarət haqqında danışıqları dayandırdı.
Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer parlamentdə çıxışı zamanı bildirib.
Eyni zamanda, Kir Starmer İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıqda iştirak edən şəxslərə qarşı sanksiyaların tətbiq olunacağını da elan edib.
Kir Starmer bildirib ki, Fransa və Kanada liderləri kimi, o da Qəzza zolağında hərbi eskalasiyadan sarsılıb. Böyük Britaniyanın Baş naziri həmçinin atəşkəsə çağırışını bir daha təkrarlayıb.
“O girovların azad edilməsi üçün yeganə yol kimi atəşkəsə çağırışımızı təkrarlayırıq. İsrailin Qərb sahilindəki məskunlaşma siyasəti ilə razı olmadığımızı bir daha bildiririk və Qəzzada humanitar yardımın əhəmiyyətli dərəcədə artırılmasını tələb edirik,” – deyə Böyük Britaniyanın Baş naziri qeyd edib.
Onun sözlərinə görə, bu müharibə artıq uzun müddətdir davam etdiyi üçün koordinasiyalı cavab mütləq lazımdır.
Xatırladaq ki, İsrail ötən həftə Qəzza zolağında yeni hərbi əməliyyata başlayıb. İsrailin Baş naziri bildirib ki, İsrail Qəzza zolağını tam şəkildə nəzarətə götürəcək.