Böyük Britaniya İsrailə xəbərdarlıq edib, Fələstin dövlətçiliyinin tanınması qərarına cavab olaraq heç bir addım atmasın
Böyük Britaniyanın xarici işlər naziri bildirir ki, İsrailə xəbərdarlıq edib, Fələstin dövlətçiliyinin tanınması qərarına cavab olaraq heç bir addım atmasın və İordan çayının qərb sahilinin hissələrini ilhaq etməsin.
Bu barədə Birləşmiş Krallığın xarici işlər naziri İvet Kuper “BBC”yə müsahibəsində deyib.
“Tərəfimizdən qəbul edilən qərarın İsrailin, eləcə də fələstinlilərin təhlükəsizliyini təmin etmək üçün ən yaxşı yol olduğunu aydın şəkildə bildirdik. Məsələ əmin-amanlıq, ədalətin qorunmasından və ən əsası, Yaxın Şərqin təhlükəsizliyindən gedir. Biz İsraili, İsrail Dövlətini tanıyırıq. Həmçinin, fələstinlilərin öz dövlətlərinə malik olmaq hüququnu da tanımalıyıq” – İvet Kuper qeyd edib.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Fələstin Dövlətinin tanınması qərarını pisləyib, Qərb liderlərini terroru mükafatlandırmaqda günahlandırıb və Fələstin Dövlətinin olmayacağını bildirib.
Məlumat üçün bildirək ki, Böyük Britaniya, Kanada, Avstraliya və Portuqaliya da Fələstin Dövlətini rəsmən tanıyıb. Beynəlxalq mediada yayılan məlumata əsasən, yaxın günlərdə daha 10-a yaxın ölkə Fələstin Dövlətini tanımağı planlaşdırır.