Böyük Britaniya illərlə davam edən davadan sonra Çaqos arxipelaqı üzərində suverenliyi Mavrikiyə verəcək
Böyük Britaniya Hind okeanında yerləşən Çaqos arxipelaqı üzərində suverenliyi Mavrikiyə verəcək. Qərar bu gün elan edilib. Mavriki ada dövləti 50 il boyunca sözügedən arxipelaqın verilməsini tələb edirdi. BMT üzvlərinin əksəriyyəti Britaniyanın arxipelaq üzərində nəzarətini tanımırdı.
Mavriki 1968-ci ildə müstəqilliyini elan etdikdən sonra Çaqos adaları Britaniya hakimiyyəti altında qaldı. 1966-1973-cü illərdə yerli əhali adalardan köçürülüb. Arxipelaqın ən böyük adası olan Dieqo Qarsiyada Amerikanın hərbi bazası yerləşdirilib. Hazırda bu baza Böyük Britaniya və ABŞ tərəfindən birgə idarə olunur.
2000-ci ildə İngiltərənin Ali Məhkəməsi yerli əhalinin Çaqos arxipelaqından köçürülməsinin qeyri-qanuni olduğunu tanıdı. 2019-cu ildə BMT-nin Beynəlxalq Məhkəməsi Çaqos arxipelaqının Mavrikidən ayrılmasının beynəlxalq hüququ pozduğu qənaətinə gəlib.
Elə həmin il BMT-nin Baş Assambleyası Londondan administrasiyasını yarım il ərzində adalardan çıxarmağı tələb etdi. Altı ölkə qətnamənin əleyhinə səs verib: Avstraliya, Böyük Britaniya, Macarıstan, Maldiv adaları, İsrail və ABŞ, 56 ölkə bitərəf qalıb, 116 ölkə isə sənədi dəstəkləyib.
B. Britaniyanın Xarici İşlər Nazirliyi adanın təhvil verilməsinin arxipelaq vasitəsilə krallığa qeyri-qanuni miqrantların daxil olma ehtimalını bağlayacağını bildirib. Bəyanatda, adaların təhvil verilməsi ilə bağlı razılaşmanın ABŞ tərəfindən dəstəkləndiyi deyilir. Bununla yanaşı, Britaniya mediasının məlumatına əsasən, London azı 99 il Dieqo Qarsiya arxipelaqında yerləşən hərbi bazaya nəzarəti özündə saxlayacaq.