Böyük Britaniya Hörmüz boğazının bağlanmasının "fəlakətli səhv" olacağı barədə İrana xəbərdarlıq edir
Böyük Britaniya Hörmüz boğazının bağlanmasının "fəlakətli səhv" olacağı barədə İrana xəbərdarlıq edir

 
Böyük Britaniya ABŞ-nin zərbələrinə cavab verilməsi və Hörmüz boğazının bağlanmasının “fəlakətli səhv” olacağı barədə İrana xəbərdarlıq edir. Müvafiq bəyanatı Britaniyanın xarici işlər naziri Devid Lem verib.

“Mən İranın xarici işlər nazirinə aydın şəkildə dedim ki, indi regiondakı Amerika bazalarının bombalanması böyük, fəlakətli səhv olardı. Hörmüz boğazını bağlamaq səhv olardı. Fikrimcə, Xamenei bunu başa düşür və dərk edir” – Britaniyanın xarici işlər naziri deyir.

Bazar günü İran Parlamenti Fars körfəzindən neft tədarükü üçün əsas çıxış nöqtəsi olan Hörmüz boğazının bağlanması qərarını təsdiqləyib.

Fars körfəzində yerləşən Hörmüz boğazı qlobal ticarətin ən kritik məntəqələrindən biridir və dünya neftinin təxminən 20 faizi buradan keçir, bu isə gündə təxminən 17-18 milyon barel neftdir. Hörmüz boğazı Fars körfəzini açıq okeanla birləşdirən yeganə dəniz yoludur və onun sahillərində İran, Səudiyyə Ərəbistanı, İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri kimi böyük neft istehsalçıları yerləşir.