Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Niderland, Yaponiya və Kanada İranı minalama fəaliyyətlərini, həmçinin dron və raket hücumlarını dayandırmağa çağırır. Bildirilir ki, bu hücumlar kommersiya daşımalarına mane olur
Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Niderland, Yaponiya və Kanada Hörmüz boğazında yaranmış vəziyyətlə bağlı birgə bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, ölkələr təhlükəsiz naviqasiyanın təmin edilməsi məqsədilə müvafiq tədbirlərdə iştirak etməyə və enerji bazarlarının sabitləşdirilməsi üçün addımlar atmağa hazırdırlar.
Bəyanatda bildirilir ki, ölkələr İranın Fars körfəzində silahsız kommersiya gəmilərinə hücumlarını, həmçinin mülki infrastruktura, o cümlədən neft və qaz obyektlərinə hücumları və Hörmüz boğazının faktiki bağlanmasını qətiyyətlə pisləyirlər.
Ölkələr İranı dərhal təhdidləri, minalama fəaliyyətlərini, dronlar və raketlərlə hücumları və kommersiya daşımalarına mane olan digər hərəkətləri dayandırmağa çağırırlar, həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsini yerinə yetirməyə çağırırlar.
“Bu baxımdan biz mülki infrastruktura qarşı dərhal hərtərəfli moratorium elan etməyə çağırırıq”, – bəyanatda qeyd olunur.
Bəyanatda vurğulanır ki, naviqasiya azadlığı beynəlxalq hüququn fundamental prinsipidir, mövcud vəziyyət isə qlobal enerji təchizatına və beynəlxalq təhlükəsizliyə təhdid yaradır.