Boris Pistorius – Almaniya hazırda Ukraynaya “Patriot” sistemləri tədarük edə bilmir
Almaniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemini tədarük edə bilmir – bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlayıb.
Almaniyanın Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə əsasən, “Patriot”un Ukraynaya tədarükü öz hava hücumundan müdafiə sisteminin kritik dərəcədə zəifləməsi təhlükəsini yaradır.
“Tədarük, xüsusilə “Patriot” sistemləri üzrə çətinliklərlə həyata keçirilir. Almaniya artıq onlara bir neçə sistem və çoxlu sayda idarəolunan raket verib. Hazırda daha çoxunu edə bilmərik. İndi nə versək, müvəqqəti olaraq onun yerini doldura bilməyəcəyik. Bu, bizim müdafiəmizdə imkan verə bilməyəcəyimiz boşluqlar yaradacaq” – Pistorius müsahibəsində qeyd edib.
Onun izahatına əsasən, digər ölkələr “əhəmiyyətli dərəcədə az töhfə veriblər”, buna görə də Berlin tərəfdaşlardan daha fəal addımlar gözləyir.
Almaniyanın müdafiə naziri, bu məsələnin noyabrın ortalarında keçiriləcək Ukraynanın müdafiəsi məsələləri üzrə Təmas Qrupunun növbəti görüşündə ətraflı müzakirə olunması gərəkdiyini bildirib.
Pistorius Ukraynada tez bir zamanda atəşkəs əldə etmək perspektivinə şübhə ilə yanaşıb. Eyni zamanda, Pistorius Moskvanın məqsədlərinə çatmayacağına ümid etdiyini qeyd edib.
“Mən Rusiyanın qışda mülki obyektlərə hava zərbələri endirməklə müharibənin gedişatını öz xeyrinə dəyişə biləcəyinə inanmıram. Yerdə Rusiya silahlı qüvvələri irəliləyiş əldə edə bilmir və onların itkiləri nəhəngdir – ayda 30 000-dən 40 000-dək əsgər” – Boris Pistorius əlavə edib.
Qeyd edək ki, Almaniya yenə də Ukraynanın ən böyük Avropa donorı olaraq qalır. Almaniya Federal Hökumətinin göstəricilərinə əsasən, tammiqyaslı işğal başlayandan bəri Berlin Kiyevə təxminən 43,3 milyard avro humanitar yardım və 57,6 milyard avro hərbi yardım göndərib (gələcək illər üçün nəzərdə tutulmuş vəsaitlər daxil olmaqla).