Bolnisi-Dmanisi meşə sahəsində ağac materialının qanunsuz əldə edilməsi və daşınması faktı aşkarlanıb
Bolnisi-Dmanisi meşə sahəsində ağac materialının qanunsuz əldə edilməsi və daşınması faktı aşkarlanıb

Kvemo Kartli Meşə Xidmətinin əməkdaşları Bolnisi-Dmanisi meşə sahəsində ağac materialının qanunsuz əldə edilməsi və daşınması faktını aşkarlayıblar.

Milli Meşə Agentliyinin məlumatına görə, yerli sakin təxminən beş kubmetr həcmində birinci dərəcəli qızılağac (рхцхили) sortundan olan ağac kötüyünü qanunsuz yolla əldə edib. Qanun pozuntusu dövlət meşəsində quraşdırılmış fototələ tərəfindən qeydə alınıb və bunun ardınca Meşə Xidmətinin əməkdaşları operativ reaksiya göstəriblər.

“Hadisə cinayət tərkibi əlamətləri daşıdığı üçün materiallar əlavə araşdırma məqsədilə müvafiq istintaq orqanına göndərilib. Nəqliyyat vasitəsi möhürlənib, qanunsuz əldə edilmiş ağac materialı isə Dmanisi ‘İş sahəsinə’ təhvil verilib.

Ağac materialının qanunsuz əldə edilməsinə qarşı mübarizə Milli Meşə Agentliyinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Faktların qarşısının alınması, aşkar edilməsi və dayandırılması tədbirlərinin daha effektiv həyata keçirilməsi üçün Milli Meşə Agentliyi əlavə nəqliyyat vasitələri və avadanlıq alıb. Ölkə üzrə dövlət meşələrində 750 ədəd fototələ quraşdırılıb. Meşələrə nəzarətin gücləndirilməsi məqsədilə monitorinq dronlar və bədən kameraları vasitəsilə də aparılır,” – deyə Milli Meşə Agentliyinin yaydığı məlumatda bildirilir.