Bolqarıstan, Fransa və Macarıstanın tələbi ilə Avropa İttifaqının yeni sanksiyalar siyahısından dörd rus şirkəti çıxarılıb

21:59, 13.11.2026

 

Avropa İttifaqının üç üzv ölkəsinin — Bolqarıstan, Fransa və Macarıstanın tələbi ilə Rusiyaya qarşı yeni sanksiyalar siyahısından dörd şirkət çıxarılıb. “Sistema” araşdırma layihəsi Brüsseldəki iki mənbəyə istinadən məlumat yayır.

Nəşrin məlumatına əsasən, Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri yeni sanksiyalar siyahısını noyabrın 11-də razılaşdırıblar, lakin danışıqlar prosesində ilkin siyahıya dəyişiklik edilib.

Bolqarıstanın tələbi ilə iki rus bankı — “Birinci İnvestisiya Bankı” və “İnvestisiya Kooperativ Bankı” sanksiyalar siyahısından çıxarılıb. Hər iki bank Bolqarıstan biznesi ilə bağlıdır.

Araşdırma layihəsinin məlumatına əsasən, Fransa nümayəndələri “RESO Credit” bankının sanksiyalar siyahısından çıxarılmasını tələb ediblər. Bankın sahibi Rusiyanın “RESO-Garantia” sığorta şirkətidir və onun səhmlərinin 38,61 faizi Fransanın “AXA” sığorta qrupuna məxsusdur.

Macarıstanın tələbi ilə isə Rusiyanın “Tatneft” şirkətinin törəmə müəssisəsi olan “Taneco” neft şirkəti siyahıdan çıxarılıb. 2021-ci ildə “Taneco” Macarıstanın “MOL” şirkəti ilə birlikdə Tatarıstanda bitum istehsalı üzrə birgə layihəyə başlayıb. “MOL” layihənin 51 faizinə sahibdir. Ukraynada müharibə başladıqdan sonra layihə dayandırılıb, lakin macar şirkəti oradakı payını qoruyub saxlayıb.

Medianın məlumatına əsasən, Bolqarıstan, Fransa və Macarıstan nümayəndə heyətləri jurnalistlərin suallarını cavablandırmayıblar. Müvafiq olaraq, şirkətlərin siyahıdan çıxarılmasının rəsmi səbəbləri məlum deyil.

Yeni sanksiyalar siyahısının yekun təsdiqi noyabrın 16-na planlaşdırılır. Siyahı 113 fiziki və hüquqi şəxsi, o cümlədən 50 bankı, enerji şirkətləri və Rusiyanın “kölgə donanması” ilə əlaqəli strukturları əhatə edir.

Oxşar